Azərbaycanda patoloji fiziologiya fənninin tədrisinə 1919-cu ildən başlanmışdır. Bütün dünyada, inkişafının ilk illərində patoloji fiziologiyanın məsələləri digər tibbi fənnləplə - terapiya, fiziologiya, patoloji anatomiya və s. birgə tədris olunurdu. Azərbaycanda isə bu fənnin tədrisinə Bakı Dövlət Universitetinin tibb fakultəsinin nəzdində yaradılmış patoloji anatomiya kafedrasında başlanmışdır. Patoloji fiziologiya (ümumi patologiya) fənnindən dərslər 1923-cü ilə qədər professor İ.N. Şirokoqorovun rəhbərlik etdiyi patoloji anatomiya kafedrasında professor M.S. Milman (1920-ci ilə qədər) və dosent Tolstuxov tərəfindən aparılmışdır. 1922-ci ildə patoloji fiziolojiya elmində eksperimental-fizioloji və fiziki-kimyəvi istiqamətin yaradıcılarından hesab edilən, görkəmli patofizioloq V.V. Paşutinin tələbəsi Nikolay Qriqoryeviç Uşinski (1863-1933) universitet rəhbərliyi tərəfindən Bakıya dəvət olunmuş, tibb fakultəsinin nəzdində müstəqil ümumi patologiya kafedrası yaradaraq ona rəhbərlik etməyə başlamışdır. 1925-ci ildən isə kafedranın adı (keçmiş SSRİ ərazisində yaradılmış bütün ümumi patologiya kafedralarının adı «Qlavprofobra» metodik komissiyasının qərarı ilə patoloji fiziolojiya ilə əvəz edilmişdir) dəyişdirilərək patoloji fiziologiya adlandırılmışdır. Beləliklə, Azərbaycanda ilk müstəqil patoloji fiziologiya kafedrası yaranmış, bu elmin əsası qoyulmuş və milli kadrların hızırlığına başlanmışdır.
Bakı Universitetinin fəaliyyətinin ilk illərində patoloji fiziolojia fənninin tədrisi rus dilində aparılırdı. Yalnız 30-cu illərin əvvəllərində N.Q. Uşnskinin tələbələri - M.M. Mirsəlimov və Ə.H. Ələkbərov patoloji fiziologiya üzrə ilk dəfə Azərbaycan dilində məşğələlər aparmağa və mühazirələr oxumağa başladılar.
N.Q. Uşinski Azərbaycanın ilk milli patofizioloq kadrlarının hazırlanması sahəsində boyük işlər görmüşdür. O, 100-dən artıq elmi əsər yazmış, 16 doktorluq dissertasiyasına rəhbərlik etmişdir. Onun «Ümumi və eksperimental patologiya» dərsliyi 3 dəfə (1907, 1913 və 1923-cü illərdə) nəşr edilmiş. Bu kitabın 3-cü nəşri («Курс общей и экспериментальной патологии». Баку, изд-во Наркомпроса Азербайджанской ССР, 1923) Bakıda olmuşdur. Professor N.Q. Uşinskinin apardığı elmi-tədqiqat işləri öz layiqli qiymətini almış, ona 1929-cu ildə Bakı Universitetinin 10 illik yubileyi ərəfəsində «Azərbaycanın əməkdar elm xadimi» adı verilmişdir.
N.Q. Uşinski təqaüdə çıxdıqdan sonra (1932-ci il) ATİ-nin patoloji fiziologiya kafedrasına M.M. Mirsəlimov (1897-1957) rəhbərlik etmişdir. O, 1939-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1940-cı ildə isə ona professor elmi adı verilmişdir. M.M. Mirsəlimovun elmi işləri əsasən zülal aclığı və qan xəstəlikləri problemlərinə həsr edilmişdir. Tibb elminin inkişafında və tibb kadrlarının yetişdirilməsində xidmətlərinə görə M.M. Mirsəlimov «Azərbaycan respublikasının əməkdar həkimi» və «əməkdar elm xadimi» fəxri adlarına layiq görülmüşdür. O, 1952-ci ildə AHTİ-də klinik patofiziologiya kafedrası təşkil etmiş və ömrünün sonuna qədər həmin kafedraya rəhbərlik etmişdir.
1953-1966-cı illərdə ATİ-nin patoloji fiziologiya kafedrasına prof. T.H. Paşayev (1910-1966) rəhbərlik etmişdir. T.H.Paşayev ATİ-ni bitirdikdən sonra Kiyevdə Ukrayna Eksperimental Biologiya və Patologiya İnstititunda aspiranturada oxumuş və akademiklər A.A. Boqomolets və N.N. Sirotininin rəhbərliyi ilə «Endokrin çatışmazlığı şəraitində hiperergik iltihabın yaranması və gedişi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1945-ci ildə «Naftalan neftinin bioloji təsirinə dair» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1947-ci ildə isə professor vəzifəsinə seçilmişdir. Onun təşəbbüsü ilə patoloji fiziologiya kafedrasının nəzdində allerqologiya və Naftalan neftinin müalicəvi təsirinin öyrənilməsi üzrə problem ET laboratoriyası yaradılmışdır.
Prof. T.H. Paşayev 40-50-ci ilərdə İstisu və Naftalan kurortunun elmi rəhbəri olmuşdur. O, bir çox illər ərzində Azərbaycan Patofizioloqlarının Elmi Cəmiyyətinə rəhbərlik etmiş, «Patoloji fiziologiya və eksperimental terapiya» jurnalının redaksiya heyətinin və SSRİ EA-nın allerqologiya üzrə problem komissiyasının üzvü, Ümumittifaq, Zaqafqaziya və Respublika səviyyəsində keçirilən bir sıra elmi konfransların təşkilatçısı olmuşdur. Onun rəhbərliyi ilə 1955-ci ildə patoloji fiziologiya problemlərinə həsr edilmiş ilk respublika konfransı keçirilmişdir. 1958-ci ildə isə ilk dəfə Bakıda patofizioloqların I Qafqaz Respublikalararası Konfransı çağırılmış və konfransın materialları T.H. Paşayevin redaktorluğu ilə 35 çap vərəqi həcmində nəşr edilmişdir. O, 1963-cü ildə «Allergiya və autoallergiya» probelemlərinə həsr edilmiş Ümumittifaq simpoziumun, 1965-ci ildə Naftalan neftinin müalicəvi amillərinin öyrənilməsi və klinik şəraitdə istifadə edilməsi problemlərinə həsr edilmiş Ümumittifaq konfransın təşkilatçısı olmuşdur. T.H Paşayev 150-dən artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidır. Bunlardan 1959-cu ildə Moskvada rus dilində çap edilmiş «Naftalan nefti və onun müalicəvi əhəmiyyəti» adlı monoqrafiyanın böyük elmi-praktik əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. T.H. Paşayev milli patofizioloq kadrların hazırlanması işinə də böyük diqqət yetirirdi. Onun rəhbərliyi ilə 5 doktorluq və 21 namizədlik dissertasiyası müdafiə edilmişdir. T.H. Paşayev patofizioloqlar məktəbinin nümayəndələri indi də kafedrada çalışır (dosentlər - Qasımova V.B., Pənahi M.A., Musayev İ.H., baş müəllimlər - Hüseynov Q.M., Qasımova V.N.), həkim kadrların yetişdrilməsində və patofiziologiya elminn inkişafında əllərindən gələni əsirgəməyirlər.
1967-71-ci illərdə ATİ-nin patoloji fiziologiya kafedrasına prof. Ə.H. Ələkbərov (1986-1971) rəhbərlik etmişdir. O, 1931-ci ildən kafedrada assistent vəzifəsində çalışmış, 1930-cu ildə namizədlik, 1967-ci ildə «Qızdırma və bədənin qızması şəraitində reaktivliyin xarakteristikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ə.H. Ələkbərov patoloji fiziologiyanın müxtəlif problemlərinə həsr edilmiş 70-dən artıq elmi məqalənin müəllifidir. Onun vəfatından sonra 1972-ci ildə kafedra müdiri vəzifəsinə G.Ə. Hüseynov (1919-1978) seçilmişdir.
G.Ə. Hüseynov kafedrada əvvəl assistent, sonra isə dosent vəzifəsində çalışmış, 1965-ci ildə «Böyrəküstü vəzinin qabıq maddəsinin funksional vəziyyətinə hemotransfuziyanın təsiri, norma və eksperimental patologiya şəraitində onun morfoloji və biokimyəvi tərkibi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. G.Ə. Hüseynov 17 il ərzində Azərbaycan ET Hematologiya və Qanköçürmə İnstitunun direktoru olmuşdur. 1972-ci ildən ömrünün sonuna qədər kafedraya rəhbərlik edən G.Ə. Hüseynovun əsas elmi tədqiqatları transfuziologiya və hematologiya problemlərinə həsr edilmişdir. O, 200-dən artıq elmi əsərin müəllifi olmuş, 6 doktorluq və 7 namizədlik disertasiyasına rəhbərlik etmişdir.
1979-cu ildə ATİ-nin patoloji fiziologiya kafedrasının müdiri vəzifəsinə Y.C. Məmmədov seçilmişdir. Y.C. Məmmədov patoloji fiziologiya kafedrasında aspirantlıqdan professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, 1969-cu ildə «Naftalan neftinin simpatoadrenal sistemə təsiri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun elmi tədqiqat işlərinin nəticələri digər müəlliflərlə birgə yazdığı «Naftalanın müalicəvi təsirinin mexanizmləri» (Bakı, 1983, rus dilində) monoqrafiyasında öz əksini tapmışdır. Y.C. Məmmədov 1982-ci ildə Moskvada «Venoz trombozun kompleks müalicəsində qan və limfanın laxtalanmasının korreksiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1982-ci ildə professor elmi adı almış, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvü seçilmişdir. Onun müxtəlif xəstəliklərin patogenezində limfa sistemində gedən patofizioloji dəyişikliklərin rolunun öyrənilməsi və yeni laxtalanma əleyhinə, tombolitik və limfastimullaşdırıcı preparatların alınması, öyrənilməsi və tətbiqi sahəsində apardığı elmi işlərin nəticələri «Qan və limfanın laxtalanması: vena trombozu zamanı onun korreksiyası» (Bakı, 1985, rus dilində) və «Miokard infarktı. Ürəyin limfa sistemi. Patofiziologiyası və müalicəsinin patogenetik əsasları» (Moskva, Meditsina, 1989, rus dilində) adlı monoqrafiyalarında öz əksini tapmışdır. O, 400 yaxın elmi əsərin, o cümlədən 6 dərsliyin, 8 monoqrafiyanın, 10 elmi-kütləvi kitabçanın, 40-dan artıq ixtiranın, 4 səmərələşdirici təklifin və 10-dan çox metodik tövsiyyənin müəllifidir. Y.C. Məmmədovun təşəbbüsü ilə 1991-ci ildə limfatrop dərman preparatlarının hazırlanması ilə məşğul olan Eksperimental Limfologiya Problem Elmi-Tədqiqat Laboratoriyası yaradılmışdır. Burada Azərbaycanın bitki və mineral mənşəli dərman ehtiyyatları əsasında limfatrop xassəyə malik 40-a qədər bioloji fəal maddə əldə edilmişdir. Bunlardan nikomorfolin və qlisiram praktik təbabətdə istfadə edilir. Onun rəhbərliyi ilə 8 doktorluq və 28 namizədlik dissertasiyası işlənib hazırlanmış və müdafiə edilmişdir.
Y.C. Məmmədov SSRİ səhiyyə əlaçısıdır (1975), Respublikanın əməkdar həkimi (1981), əməkdar elm xadimidir (1991), Ümumittifaq N.N. Vavilov mükafatı laureatıdır. O, 1981-ci ildə «Qırmızı Əmək Bayrağı», 1987-ci ildə isə «Xalqlar Dostluğu» ordenləri ilə təltif olunmuşdur. Onun emi nailiyyətləri dünyanın qabaqcıl elmi mərkəzləri və alimləri tərəfəndən yüksək qiymətləndirilmişdir. O, Ümumittifaq və Beynəlxalq patofizioloqlar cəmiyyətinin idarə heyyətinin, «ekstremal və terminal hallar» üzrə Ümumittifaq problem komssiyasının, «Ürəyin tədqiqi üzrə» Beynəlxalq cəmiyyətin, Ümumittifaq «Limfologiya» üzrə problem komissiyasının və «Limfologiya» və «Azərbaycan Tibb Jurnalı»nın redaksiya heyətinin üzvü seçilmişdir. 2003-cü ildə Kembric (İngiltərə) Beynəlxalq Bioqrafiya Mərkəzi (IBC) «21-ci əsrə qədəm qoymuş 2000 ən görkəmli alimi» siyahısına daxil edib, müvafiq diplom və medalla təltif etmişdir.
Y.C. Məmmədov 1970-1973-cü illərdə pediatriya fakultəsinin dekan müavini, fakultə dekanı, 1973-1980-ci illərdə institut partiya komitəsinin katibi seçilib, 1980-83-cü illərdə institutun tədris işləri üzrə prorektoru, 1983-92-ci illərdə Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. 1990-1995-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilmişdir.
Kafedranın professoru C.H. Təqdisi 1954-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Sonralar C.H. Təqdisi şokun patogenezi, profilaktikası və müalicəsinə dair tədqiqatın nəticəsi əsasında 1964-cü ildə Leninqradda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1968-ci ildə ATİ-nin professoru vəzifəsinə seçilmişdir. C.H. Təqdisi 500-ə qədər elmi məqalənin, bir neçə monoqrafiyanın müəllifidir. Prof. C.H. Təqdisi və prof. S.C. Əliyevin orqanizmin reaktivliyində mikroelementlərin rolunun tədqiqinə dair apardıqları elmi-tədqiqat işləri yüzlərlə elmi əsərdə, o cümlədən C.H. Təqdisinin «Mikroelementlər və orqanizmin neyrohumoral requlyasiyası» (Bakı, Azərnəşr, 1980, rus dilində), C.H. Təqdisi və S.C. Əliyevin «Mikroelementlər və sağlamlıq» (Москва, Знание, 1983, rus dilində) monoqrafiyalarında öz əksini tapmışdır. C.H. Təqdisi tərəfindən aparılan elmi tədqiqatların nəticələri isə «Şokun müasir məsələləri» (Bakı, Azərnəşr, 1975, rus dilində), «Şok» (Москва, Знание, 1980, rus dilində) monoqrafiyalarında və elmi məqalələrində şərh edilmişdir. C.H. Təqdisi elmi-metodik fəaliyyətinə görə, «Azərbaycanın əməkdar ali məktəb işçisi» adına layiq görülmüşdür.
2001-ci ildən patoloji fiziologiya kafedrasına rəhbərliyi professor S.C. Əliyev həyata keçirir. O, 1969-1972-ci illərdə patoloji fiziologiya kafedrasında aspiranturada oxumuş, «Litium və sezium mikroelementlərinin orqanizmin reaktivliyinə təsiri» mövzusunda namizədlik dissertasiyasını tamamlayaraq 1973-cü ildə müdafiə etmişdir. 1972-ci ildə assistent, 1973-cü ildə baş müəllim, 1976-cı ildə isə dosent vəzifəsinə seçilmişdir. Uzun illər kafedranın tədris hissə müdiri vəzifəsində çalışmışdır. O, 1982-1988-ci illərdə dəfələrlə Moskva şəhərinə ezam olunmuş, ümumittifaq allerqologiya mərkəzində akademik A.D. Adonun rəhbərliyi altında doktorluq dissertasiyasının ayrı-ayrı fraqmentləri üzərində işdəmişdir. 1992-ci ildə «Patoloji şəraitdə limfanın element tərkibinin dəyişməsi və onun korreksiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1993-cü ildə kafedranın professoru vəzifəsinə seçilmişdir. 1994-cü ildə AAK tərəfindən patoloji fiziologiya ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. O, 300-ə qədər elmi məqalənin, 4 dərsliyin, o cümlədən «Tibbi biliklərin əsasları» (2004) və ilk dəfə 3 dildə (azarbaycan, ingilis və rus) çap olunmuş «Patoloji fiziologiyadan atlas» (2008) və «Patoloji fiziologiyadan testlər» dərsliklərinin, 8 dərs vəsaitinin, o cümldən iri həcmli «Patoloji fiziolojiyadan təcrübi dərs vəsaiti»nin, 4 elmi-populyar broşuranın, 1 lüğət- kitabçanın, bir neçə tədris-metodik vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 10 namizədlik dissertasiyası yerinə yetirilərək müdafiə olunmuş, 6 namizədlik və 4 doktorluq dissertasiyaları üzərində isə tədqiqat işləri davam etdirilir.
1999-2001-ci illərdə I Müalicə-profilaktika fakultəsinin dekanı, 2001-ci ilin may ayından isə Universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. Hazırda Universitetin Böyük Elmi Şurasının, pediatriya fakultəsinin Elmi Şurasının, Azərbaycan Tibb Jurnalının Redaksiya Şurasının və AMEA nəzdində fəaliyyət göstərən «Tibb» şurasının üzvüdür. O, 2001- ci ildən Azərbaycan Respublikası Təhsil Nazirlyinin nəzdində fəaliyyət göstərən «Tibbi-nəzəri bölmə»nin, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən «Patomorfologiya və patofiziologiya» üzrə komissiyanın, universitetin Mərkəzi Metodik Komissiyasının və «Anatomiya, patofiziologiya, biokimya, farmakologiya» üzrə ixtisaslaşmış Müdafiə şurasının sədri vəzifələrini də icra edir.
Professor S.C. Əliyevin tibb kadrlarının hazırlanmasındakı xidmətləri, elmi-pedaqoji fəaliyyəti və gördüyü təşkilati işlər dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1986-cı ildə «Səhiyyə əlaçısı», 2000-ci ildə «Respublikanın əməkdar müəllimi» fəxri adlarına layiq görülmüş, 2004-cü ildə Səhiyyə Nazirliyinin və Universitetin fəxri fərmanları, 2007-ci ildə isə «Tərəqqi» medalı ilə təltif edilmişdir. Onun elmi-pedaqoji fəalyyəti beynəlxalq Tibb Mərkəzlərinin və alimlərinin də diqqətindən yayınmamışdır. Professor S.C. Əliyev 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyası tərəfindən Tibb bölümü üzrə akademik seçilmiş, 2009-cu ildə isə həmin akademiya tərəfindən «Türk dünyasına hizmetlerindən dolayı uluslararası altun yıldız» medalı ilə təltif olunmuşdur.
Tibb elmləri doktoru, kafedranın professoru M.X. Əliyev 1981-ıi ildə Azərbaycan Tibb Universitetini «Lenin» adına təqaüdlə bitirdikdən sonra, patoloji fiziologiya kafedrasında aspiranturaya daxil olmuş, 1984-cü ildə «Qan və limfanın laxtalanmasının pozulması və onların terminal vəziyyətlərdə korreksiyası» mövzusunda namizədlik dissertasiyasını tamamlayaraq, 1985-ci ildə müdafiə etmişdir. 1985-1987-ci illərdə patoloji fizilogiya kafedrasının assistenti, 1987-1997-ci illərdə baş müəllimi və 1997- 2010-cu illərdə dosenti seçilmiş, 210-cu ildən isə patoloji fiziologia kafedrasının professoru vəzifəsində çalışır. 2006-cı il dekabrın 12-də «Postreanimasyon ensefalapatiyanın patogenezində limfanın laxtalanmasının və toxumaların limfadrenajının poxulma mexanizmləri və onların korreksiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və Azərbaycan Respublikası Prezidenti yanında AAK ona tibb elmləri doktoru elmi dərəcəsi vermişdir.
1985-ci ildən kafedrada aparılan elmi-tədqqat işlərinin məsul icraçısı kimi o, 10-a qədər namizədlik, 5 doktorluq dissertasiyasının yerinə-yetirilməsində yaxından iştirak etmişdir. 200-dən artıq elmi məqalənin, o cümlədən ilk dəfə 3 dildə (azarbaycan, ingilis və rus) çap olunmuş «Patoloji fiziologiyadan atlas» (2008) dərsliyin, 1 dərs vəsaitinin, 5 ixtiranın, 5 səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi altında 1 namizədlik dissertasiyası yerinə yetirilmişdir.
Patoloji fiziologiya kafedrası əməkdaşlarının elmi maraqları kafedranın inkişafının ayrı-ayrı mərhələlərində təbabətin ən müxtəlif sahələrini əhatə etmişdir. Bu vaxta qədər kafedrada aparılan elmi işlər əsasında 30-a qədər doktorluq, 150-dən artıq namizədlik dissertasiyaları müdafiə edilmiş, 2000-dən çox elmi məqalə, onlarla monoqrafiya və elmi-kütləvi broşura çap edimiş, patoloji fiziologiya üzrə 8 dərslik və 10 praktikum (azarbaycan, rus və ingilis dillərində) yazılmışdır. Kafedranın əməkdaşları keçən əsrin 30-cu illərinə qədər əsasən Azərbaycan Respublikasının kurort amillərinin tədqiqi və allergik xəstəliklərinin patogenezinin öyrənilməsi ilə məşğul olmuşlar. Sonrakı illər ərzində də respublikamızda eksperimental və klinik tədqiqatların əsas istiqamətlərindən biri Naftalan neftinin müalicəvi təsirinin öyrənilməsi olmuşdur. Patoloji fiziologiya kafedrasının əməkdaşları (M.M. Mirqasımov, T.H. Paşayev, Ə.G. Ələkbərov, G.Ə. Hüseynov, Y.C. Məmmədov, C.H. Təqdisi, S.C. Əliyev, V.B. Qasımova, M.İ. Manafova, M.A. Pənahi, İ.H. Musayev, Q.M. Hüseynov, E.A. Vecenkova, R.H. Əfəndiyeva, V.N. Qasımova) bu problemin həlli üçün böyük əmək sərf etmişlər. Hazırda kafedrada 3 tibb elmləri doktoru, onlardan 2 professor (kafedra müdiri, Respublikanın əməkdar müəlimi, professor Əiyev S.C. və kafedranın professoru, AMEA-nın müxbir üzvü, ə.e.x., professor Məmmədov Y.C.) və 1 dosent (Əliyev M.X.), 14 tibb elmləri namizədi, onlardan 6 dosent (Musayev İ.H., Qasımova V.B., Pənahi M.A., Mikayılzadə N.C., Quliyeva Ə.Ə., Əliyev S.H.) və 1 baş müəllim (İbrahimova G.H.) və 7 assistent çalışır. Bunlardan əlavə kafedrada 2 baş müəllim və 3 assistent namizədlik dissertasiyaları üzərində işləyirlər. Kafedrada allergik xəstəliklərin, ekstremal və terminal vəziyyətlərin patogenezində limfa sisteminin rolunun öyrənilməsi, orada inkişaf edən patofizioloji dəyişikliklərin aradan qaldırılması üsullarının işlənib hazırlanması və bir sıra mikroelementlərin, sintetik kimyəvi maddələrin bioloji aktivliyi, limfatrop xassələri öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri davam etdirirlər.
70-ci illərdən etibarən kafedranın əməkdaşları patoloji fiziologiya üzrə 2 dərs vəsaiti (C.N. Təqdisi «Patoloji fiziologiyadan mühazirələr», 1974), (Y.C. Məmmədov, İ.H. Musayev «Patoloji fiziologiya», 1975), azərbaycan və rus dillərində praktikumlar (Y.C. Məmmədov, C.H. Təqdisi, .B. Qasımova, M.A. Pənahi, İ.H. Musayev, F.İ. İslamzadə və d.) nəşr edilmişdir. 1980-ci ildə A.D. Ado və L.M. İşimovanın redaktəsilə rus dilində yazılmış «Патологическая физиология» dərsliyi azərbaycan dilinə tərcümə (prof. G.Ə. Hüseynov tərəfindən) edilmişdir. Y.C. Məmmədovun, C.H. Təqdisinin və F.İ. İslamzadənin «Patoloji fiziologiya» dərsliyi 2 dəfə (1989, 2005) çapdan olunmuş, 2004-cü ildə S.C. Əliyev, H.M. Hacıyeva və N.C. Mikayılzadənin «Tibbi biliklərin əsasları» və S.C. Əliyevin redəktəsi ilə «Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti», 2008-ci ildə isə S.C. Əliyev və M.X. Əliyevin «Patoloji fiziologiyadan atlas» dərslikləri 3 dildə (azərbaycan, ngilis, rus) işıq üzü görmüşdr. Bunlarla yanaşı kafedranın əməkdaşları tibbi biliklərin əhali arasında yayılmasına da böyük diqqət yetirirlər. Belə ki, son on illiklər ərzində professorlar C.H. Təqdisi, Y.C. Məmmədov və S.C. Əliyev 10-a qədər elmi-kütləvi kitabça («Sağlamlığın düşməni», 1972; «Tromboz və emboliyalar», 1982; «Qanın laxtalanması və sağlamlıq», 1982; «Sağalma mexanizmləri», 1984; «Ekologiya və sağlamlıq», 1985; «Əmək və əhvali-ruhiyyə», 1987; «Limfa öz sirrini açır», 1987; «İnsan ekstremal şəraitdə», 1991 və b.) çap etdirmişlər. Kafedra əməkdaşlarının nəşr etdirdiyi «Tibbi biliklərin əsasları» (S.C. Əliyev, N.M. Hacıyeva, N.C. Mikayızadə), «Patoloji fiziologyadan situasiya məsələləri» (S.C. Əliyev, İ.H. Musayev), «Tibbi patologiya terminlərinin izahlı lüğəti» (Y.C. Məmmədov, S.C. Əliyev, N.C. Mikayılzadə, F.İ. İslamzadə), «İngiliscə-azərbaycanca tibb lüğəti», «Fenomenlərin sirri» (N.C. Mikayılzadə) kitabları bu «missiya»nı həyata keçirirlər.
Yuxarıda göstərildiyi kimi respublikamızda patoloji fiziologiya üzrə əsas elmi mərkəzlərdən biri də Ə.Əliyev adına AHTİ-nin ümumi patologiya kafedrası olmuşdur. Bu kafedraya prof. M.M. Mirsəlimovun vəfatından sonra uzun müddət əməkdar elm xadimi, prof. S.Ə. Quliyeva rəhbərlik etmişdir. O, uzun illər ərzində Naftalan kurortunun elmi rəhbəri olmuşdur. S.Ə. Quliyeva ömrünün sonuna qədər (2008) Respublika patofizioloqlarının Elmi Cəmiyytinin sədri olmuşdur. Hazırda ATU-nun ET mərkəzində, Ə. Əliyev adına AHTİ-nin mərkəzi ET Laborotoriyasında, M.Topçubaşov adına RECM-də patoloji fiziologiya labaratoriyaları fəaliyyət göstərir. Azərbaycan patofizioloqlarının elmi-tədqiqatlarının nəticələri keçmiş SSRİ miqyasında keçirilən müxtəlif elmi qurultay, simpozium və konfranslarda, həmçinin bir sıra beynəlxalq elmi cəmiyyətlərin konqresslərində müzakirə edilmiş və geniş nüfuz qazanmışdır. 1970-ci ildə SSRİ patofiziologiya cəmiyyətinin ilk qurultayının Bakıda keçirilməsi və kafedranın əməkdaşlarından S.C. Əliyevin, Y.C. Məmmədovun, C.H. Təqdisinin və İ.H. Musayevin növbəti - II (Taşkənd, 1972) və III (Tbilisi, 1982) qurultayların da təşkilat komitələrinin üzvləri seçilmələri və maraqlı məruzələrlə çıxışlar etmələri patoloji fiziologiyanın inkişafında Azərbaycan alimlərinin rolunun keçmiş ittifaq miqyasında etirafının təzahürü hesab etmək olar. Son illər Azərbaycan patofizioloqlarının yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri, nəinki keçmiş SSRİ məkanında keçirilən müxtəlif səviyyəli elmi forumlarda, həmçinin uzaq xarici ölkələrdə, o cümlədən ABŞ-da, Fransada, Türkiyədə, İranda, İzraildə, İspaniyada, BƏR-də və s. keçirilən elmi qurultaylarda, konqresslərdə və simpoziumlarda səslənir.